"İki ay davamlı olaraq oğlumu döyüblər. Elə arıqlamışdı ki, hətta silahını tuta bilmirdi".
Ordu.az xəbər verir ki, bunu erməni KİV-lərinə müsahibəsində işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan "Martuni 2" hərbi hissəsində 2018-ci il oktyabrın 1-də ölən müddətli xidmət əsgəri Gevorq Haroyanın anası Armine Beqlaryan bildirib.
21 yaşlı Gevorq Haroyan iki ay bundan əvvəl Ermənistan ordusuna çağırılıb. Qırmızı diplomla ali təhsil almış Haroyan həmişə qulluq etmək arzusunda olsa da ilk günlərdən hərbi hissədən və bölüyündən şikayət etməyə başlayıb.
"Deyirdi ki, ana məni burda alçaldırlar, incidirlər, təhqir edirlər. Çörək yeməyə imkan vermirlər, çörəyi qarşıma ataraq it kimi get ye deyirlər. Oğlum həmişə deyirdi ki, ana burada hamı kiçik çavuşdan başlamış yuxarılaradək əclafdır. Yalnız general Samvel Karapetyan bunların öhdəsindən gələ bilir. Adını eşidən kimi titrəyirlər", - deyə erməni əsgər anası bildirib.

Sentyabrın 29-da Gevorq anasına zəng edərək, xahiş edir ki, mütləq hərbi hissəyə gəlsin. Armine, həmin gün gecə böyük oğlu ilə bərabər Qarabağa gəlir. Gevorq anasına və qardaşına yaxınlaşarkən kifayət qədər qorxmuş və kefsiz halda olur. Bir neçə həftə içərisində 10 kiloqramdan çox arıqlayıb. Dərisi və sümükləri görünürdü. Köhnə, ətrafı didilmiş paltarda olub.
Haroyan anasına bildirib ki, bütün paltarlarını oğrayıblar. Gözünün altı göyərmiş halda olub, bunu isə yıxılmağı ilə izah edib. Paltarlarını dəyişərkən başında yara olduğu məlum olub. O, bunu səngər qazarkən xəsarət aldığı ilə izah edib. Lakin bütün bunların yalan olduğu məlum idi. Gevorq hərbi hissədə baş verənləri qorxusundan çox şeyi deyə bilmirdi.
Görüşdən yarım saat sonra Mirzoyan soyadlı bir şəxsin onlara yaxınlaşması Gevorqu qorxudub. O, oğluna bölüyə qayıtmağı əmr etsə də, anası buna icazə verməyərək Gümrüdən Qarabağa yarım saatlıq görüş üçün gəlmədiyini deyib. Bu zaman Mirzoyan saat 20:00-dək görüşə biləcəyini desə də, görüş saat 00:02-dək uzanıb. Bu əsgərlə valideynlərinin son görüşü olub. Bir gün sonra isə əsgər ölüb.
Gevorqun ölüm xəbərini valideynlərinə hərbi hissədən xəbər verməyiblər. Səhər tezdən atasına zəng edərək bildiriblər ki, oğlunu Xankəndi hərbi hospitalına cərrahiyə əməliyyatına aparıblar. Xəstəxanadan isə bildiriblər ki, 7 litr qan olsaydı Gevorqun həyatını xilas etmək mümkün ola bilərdi.
Anası iddia edir ki, oğlunu öldürdükdən sonra onu qanaxma içərisində buraxaraq, köməksiz vəziyyətdə qoyublar.
"Hərbi hissədən deyirlər ki, o, intihar edib. Lakin bu yalandır. O, özünə qəsd edə bilməzdi. Xocavənd (Martuni) hərbi məhkəməsindən bildiriblər ki, atəş 2 metr məsafədən açılıb. Bu məsafədə insan özünü necə öldürə bilər?", - deyə Armine etiraz edib.
Erməni əsgər, uzun müddət qohumlarının yanında hər hansı hərbi qulluqçunun adını çəkməkdən yayınıb. Lakin o, "Leninakanlı Lukaş" haqqında danışıb. Haroyanı ən çox zorakılığa məruz qoyan və təzyiq göstərən isə onun bölük komandiri Lukaş Petrosyan olub. Həmin Lukaş Petrosyan Haroyanı daim 80 nəfərin içərisində alçaltdığını və son gün yanına çağırarq döydüyünü bildirib. Boğazındakı isti izilər buna əyani sübut olub. Elə buna görə də meyitin tibbi ekspertizası zamanı zorakılığın isti izləri aşkarlanıb. Meyitin şəklini çəkməyə icazə verməsələr də, izləri itirmək üçün tərtəmiz yuyublar. Valideynləri özünəqəsd versiyasına inanmırlar. İki aylıq əsgərin silah otağında təkbaşına olmasına icazə olmasa da onun orada intihar etdiyi bildirilir. Silah otağı çox ciddi bir yerdir əsgər özbaşına oranın qapısını açıb içəri daxil ola bilməz. Ölən əsgərin dayısı da eyni qaydada özünəqəsd versiyasına inanmır və həmin hərbi hissədə korrupsiyalaşmış sistemin fəaliyyət göstərdiyini iddia edir. Əsgərin valideynlərinin verdiyi pul hesabına həmin əsgərə "Martuni" hərbi hissəsində yaxşı baxa bilərdilər.

Baş vermiş hadisə ilə əlaqədar 3 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 2 nəfər həbs edilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisədən bir neçə gün öncə kiçik çavuş M.Ç və Q.H arasında baş vermiş mübahisə nəticəsində kiçik çavuş əsgər Gevorq Haroyana qarşı kobudluq edərək söyüş söyüb. Mübahisəyə həmin bölüyün digər hərbi qulluqçusu kiçik çavuş D.S müdaxilə edib və Haroyana bir zərbə endirib. Bölük komandiri kapitan Lukaş Petrosyan baş verən hadisə barədə məlumatlı olsa da hadisəni gizlədib və növbəti gün yat komandasından sonra öz iş otağında Haroyanı məzəmmət edərək onun ünvanına alçaldıcı ifadələr işlədib.
Əldə edilmiş dəlillər əsasında iki oktyabr tarixində çavuş M.Ç, 4 oktyabr tarixində bölük komandiri kapitan L.P, 5 gün sonra isə kiçik çavuş D.S-yə qarşı ittiham irəli sürülüb. Bölük komandiri və kiçik çavuş M.Ç həbs olunsa da kiçik çavuş D.S hərbi hissə komandanlığının nəzarətinə verilib.
Hazırda Haroyanın yaxınları bütün günahkarların cəzalandırılmasını tələb edir, əks halda digər yollara əl atacaqlarını bildirirlər. Səhlənkarlıq ucbatından 21 yaşlı övladını itirən yaxınları bu vəhşiliklə razılaşmayaraq öz cəzalarını tətbiq edəcəklərini bildirirlər.
Erməni əsgərin anası Ermənistan ordusunun Qarabağdakı hərbi birləşməsinin komandiri Levon Mnatsakanyanın istefa verməsini tələb edir: "Mnatsakanyan çox yaxşı bilir ki, hərbi hissədə nələr baş verir. Onun komandirləri valideynlərdən pul tələb edərək hərbi qulluqçuların yerini dəyişdirir. Onun təyin etdiyi komandirlər hərbi qulluqçuların paltarlarını satır, əldə edilmiş pulları isə ona göndərirlər. İki ay ərzində iki dəfə oğluma paltar aparmışam"
Qeyd edək ki, erməni mənbələrinin açıqladığı məlumatlara görə, ötən 9 ay ərzində Ermənistan ordusunda 36 hadisə baş verib. Onlardan 13 hadisə Ermənistanda, 21 hadisə Qarabağ ərazisində baş verib. 34 ölüm hadisəsindən 2-si öldürmə, 8-i intihar hadisəsidir.
Alpər Mövludoğlu
Ordu.az